Ermənistan Türkiyədən Azərbaycana və əksinə yüklərin tranzitini təmin etməyə hazırdır
Ucnoqta.az xəbər verir ki, bunu Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Türkiyə ilə müsbət dialoq sərhədin tezliklə açıla biləcəyinə ümid verir.
"Biz bu gün təkcə siyasi deyil, həm də texniki baxımdan yük maşınlarının Türkiyədən keçməklə Azərbaycana və əks istiqamətdə tranzitini təmin etməyə hazırıq. Ermənistanda Marqara, Yeqnadzor, Sisian və Qoris marşrutları üzrə yollar və sərhəd infrastrukturu buna hazırdır", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan da Naxçıvandan Azərbaycana və əksinə Ermənistan üzərindən yüklərin tranzitini təmin etməyə siyasi cəhətdən hazırdır, lakin infrastruktur yoxdur.
"Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan, Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqələri yaratmağa hazırıq, lakin dəmir yolu təmir və bərpa tələb edir. Əminəm ki, bu texniki məsələlər iki-üç il ərzində həll olunacaq", - Paşinyan bildirib.