Ankara Moskva və Kiyevlə daimi əlaqə saxlayır və münaqişənin həlli üçün bütün diplomatik imkanlarından istifadə edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz sülh üçün səylərimizi davam etdiririk və davam etdirəcəyik. Biz həm Rusiya, həm də Ukrayna ilə təmasdayıq. Biz hazırkı sürətə daimi sülh üçün fürsət kimi baxırıq. Hər kəsə xatırladırıq ki, bu fürsəti əldən vermək olmaz. Gəlin bu fürsət pəncərəsini bağlamayaq. Biz bütün diplomatik gücümüzü və potensialımızı sülh üçün istifadə edəcəyik. Bölgəmizdə baş verən bu böyük yanğının söndürülməsi həm insani vəzifədir, həm də ölkəmizin mənafeyinə uyğundur”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri "hazırkı sülh səyləri nəticəsində arzulanan kompromis əldə ediləcəyinə ümid etdiyini" bildirib.
"Bütün dünya gördü ki, bu müharibə Avropanın təhlükəsizliyinin arxitekturasını və xüsusilə onun enerji siyasətini kökündən dəyişdi. Avropa İttifaqı enerji sektorunda Rusiyadan asılılığını azaltmaq üçün imkanlar axtarır. Bu da Türkiyə kimi enerji tranziti ölkələrinin geosiyasi dəyərini artırır", - Ərdoğan əlavə edib.