Ermənilərin tarixi saxtalaşdırma cəhdi: Xankəndinin ən hündür zirvəsində ... - FOTO

12:10 - 29 May 2025 - ÖLKƏ İÇİ

"Xankəndinin ən hündür nöqtəsindəki erməni mağarasından, ermənilərin saxtalaşdırdığı tarixdən danışacam və göstərəcəm. Gördüklərim, ermənilərin həmişə saxta tarix yazmaq üçün çalışdığını, biz hər şeyin əvvəlində olmuşuq kimi uydurma fikirlərlə beynəlxalq dəstək qazanmaq niyyətlərini bir daha təsdiqlədi. Beləliklə, siz də görün. Görün ermənilər Qarabağda tarixi necə saxtalaşdırıblar".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmaqızı bildirib. Afət Telmaqızı qeyd edir ki, işğal dövründə Xankəndinin ən hündür nöqtəsi - Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində nəhəng bir kompleks tikilib:
"Əgər xatırlayırsınızsa, 6-7 il bundan əvvəl erməni KİV-də də separatçıların başçısı Bako Saakyanın həmin kompleksi ziyarət etməsinin xəbəri, görüntüləri də yayılmışdı. O zaman ermənilər bununla Xankəndinin, guya tarixi erməni torpaqları olduğunu göstərmək istəmişdilər. Beynəlxalq ictimai rəyi, həm də daxili ictimai şüuru çaşdırmaq üçün yalançı tarixi abidələr inşa edən ermənilər, xaç şəkilli kompleksdə görün nələr ediblər? Kərkicahanda ermənilər tarixi necə saxtalaşdırıblar? Bu kompleks Xankəndinin ən yüksək nöqtəsindədir. Kənardan böyük modern tipli kompleks kimi görünən bu yer içəridən bir mağaradır. Kərkicahandakı bu süni mağarada erməni mifologiyasının dırnaqarası tanrıları təsvir olunub. Amma bu fiqurlar sadəcə mif deyil, siyasi mesaj daşıyan obrazlardır. Mağaradakı abidə, şəkillər estetik bəzək deyil. Qanadlı şir, qartal fiquru, daşlara həkk olunmuş silah-sursat, hərbi texnika, girişdəki kök atmış ağac təsviri və digər müxtəlif obrazlar, ermənilərin bizim kökümüz buradır, ilkimiz buradır Qarabağdır kimi saxta, yalançı tarixi, real olmayan faktlara əsaslandırmaq cəhdidir. Bunlar uydurulmuş ilklik iddiasını gücləndirmək üçün yaradılıb. Bütün bunlar isə bir daha göstərir ki, ermənilər həmişə saxta tarix yazmaq üçün çalışıb və bununla beynəlxalq dəstək qazanmaq istəyiblər".


Xəbər xətti