Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.
Ucnoqta.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb. O, ilk telefon zəngimizdə qısa cavab verərək əməkdaşımızı təhqir edib.
Saleh Səmədov növbəti zəngimizdə isə daha geniş cavab verib.
O bildirib ki, sözügedən tədbir abidənin açılışı ilə bağlı idi, həmin müharibə də o bayraq altında baş verib:
“Bir dövlət yoxdursa, bayrağı ola bilərmi?! Bu sadəcə olaraq bizim tariximizdir. Burada nə var ki?! Cavan nəsil o bayrağı bilmir, biz isə o bayrağın sədaları altında doğulmuşuq, bayramlarımız da o bayraq altında keçib. Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. "Georgi lenti" də rəmzdir, ona görə də taxmışdım. Azərbaycan bayrağından uca bayraq yoxdur, o bizim hər zaman başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” - S.Səmədov qeyd edib.