Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" start götürüb.
Trend xəbər verir ki, iştirakçılar Bayraq meydanından yarışa başlayıblar.
Məlumat üçün bildirək ki, "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2025" üçün bu il rekord sayda - 28 minədək iştirakçı qeydiyyatdan keçib.
"Küləyə qalib gəl"ənlər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən qoşulanlar da var. Yürüşdə fiziki imkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirak edirlər.
Marafon iştirakçıları qaçış zolağında kişi və qadın kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparırlar. Bununla yanaşı, finişə çatan ilk 2 min iştirakçıya medallar, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında yerləşir. Marşrut Dənizkənarı Bulvar, Neftçilər prospekti, Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Üzeyir Hacıbəyli küçəsi, Bayıl dairəsi və Bibiheybət yolu kimi paytaxtın əsas küçə və prospektlərini əhatə edəcək.
Marafon 21 kilometr məsafəni əhatə edəcək. Peşəkar atletlər bu məsafəni təxminən 1 saat 15 dəqiqəyə, həvəskar iştirakçılar isə 2-3 saat ərzində qət edə bilirlər. Buna görə də marafonun ümumi davametmə müddəti iştirakçıların fərdi sürətindən asılı olaraq dəyişəcək.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncə zonası da yaradılıb. Burada əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.