İdarə müdiri “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

21:54 - 1 May 2025 - ÖLKƏ İÇİ

May ayının 1-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafiz Pənahov, İdarənin struktur bölmə rəhbərləri “Sabahın alimləri” XIV Respublika müsabiqəsinin qalibləri olmuş 11 nəfər şagird, onların elmi rəhbərləri və həmin şagirdlərin təhsil aldığı məktəb rəhbərlərinin iştirakı ilə görüş keçirib.

Ucnoqta.az xəbər verir ki, görüşdə “Sabahın alimləri” XIV Respublika müsabiqəsinin müxtəlif nominasiyalar üzrə qalibi olmuş şagirdlər və onların elmi rəhbərləri müsabiqəyə təqdim etdikləri layihələr barədə ətraflı məlumat vermiş, layihələrin gələcəkdə daha da təkmilləşdirilərək Startaplara çevrilməsi mövzusunda İdarə rəhbərliyi ilə şagirdlər arasında maraqlı müzakirələr aparılıb.

İdarə müdiri sözügedən müsabiqənin şagirdlərin məktəb dövründən öz ideyalarını həyati problemlərin həllinə yönəltməsi və onların mühəndislik bacarıqlarının təkmilləşməsində, eləcə də sahibkarlıq təfəkkürünün inkişafında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Daha sonra növbəti müsabiqəyə şagird və müəllimlərin hazırlıq prosesinə dəstək imkanları müzakirə edilmiş, bu istiqamətdə görüləcək işlər barədə aidiyyəti əməkdaşlara, məktəb rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Sonda qaliblərə ATİAHİ-nin rayon komitələrinin hədiyyələri təqdim edildi.
Qeyd edək ki, müsabiqə hər il Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilir. 

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.


Xəbər xətti