Tarixdə ilk dəfə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis edib.
Ucnoqta.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində də qeyd olunurdu ki, “Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər”.
Bu Platformanın yaranması son illər Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının elan edilməsi bütün üzv ölkələrin təmsilçiləri tərəfindən alqışlarla qarşılanıb.
Bu, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun tarixi nəticəsidir!