Gürcüstan Aİ-nin istənilən ağlabatan tələbini yerinə yetirməyə hazırdır - Kobaxidze

21:50 - 1 Sentyabr 2025 - DÜNYA

Gürcüstan hakimiyyəti ağlabatan olarsa, Avropa İttifaqının istənilən tələbini yerinə yetirməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

İyulda Avropa İttifaqı Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişviliyə ünvanlanmış məktub göndərib. Orada Aİ digər məsələlərlə yanaşı, Gürcüstanda xarici agentlər və LGBT təbliğatına qadağalar haqqında qəbul edilmiş qanunların ləğvini tələb edib. Şərtlərin yerinə yetirilməməsi halında Avropa İttifaqı Gürcüstanın Aİ ilə vizasız rejimini dayandırmaqla hədələyib. Aİ-nin tələblərinin yerinə yetirilməsi üçün son tarix 31 avqust 2025-ci il verilib.

“Biz tamamilə bütün ağlabatan tələbləri yerinə yetirməyə hazırıq. Onlar bizə əsaslandırmalıdırlar ki, tələblər ağlabatandır və biz, əlbəttə ki, onları yerinə yetirəcəyik.
Müəyyən ağlabatan tələblər var idi və biz onları başdan-ayağa yerinə yetirdik, lakin əsassız tələblər oldu. Bütün bunları niyə tələb etdiklərini əsaslandırmadılar. O cümlədən, nə üçün dəyərlər haqqında qanuna və ya şəffaflıq haqqında qanuna əsasən [xarici təsir] tələbləri var idi.
Onlar qeyri-şəffaflığın nə üçün yaxşı olduğunu və ya eynicinsli cütlüyün azyaşlı uşağı övladlığa götürməsinin nə üçün yaxşı olduğunu əsaslandıra bilməzlər”, Kobaxidze jurnalistlərə bildirib.

Kobaxidze təsdiq edib ki, Gürcüstan Xarici İşlər Nazirliyi Aİ-nin müəyyən etdiyi müddətdən sonra Avropa İttifaqına rəsmi cavab göndərib. Baş nazir həmçinin qeyd edib ki, Aİ açıq dialoqa hazır olsa, Brüsselə getməyə hazırdır, lakin “onlar ünsiyyətdən imtina edirlər”.

Xəbər xətti