XXI əsrin ən önəmli texnoloji hadisəsi olan süni intellekt, bütün dünyada ciddi dəyişikliklərə səbəb olur. ChatGPT kimi generativ süni intellekt sistemlərinin hazırlanması və istifadəyə verilməsi inqilabi kəşfdir. Az qala, həyatımızın bütün spektrlərini əhatə etməkdə olan süni intellekt insanlar arasında ortaq dəyərlər formalaşdırır. Texnologiyanın insanlığa və bəşəriyyətin rifahının yüksəldilməsinə xidmət etməsi təqdirəlayiqdir. İnsan ləyaqəti və hüquqları, ədalət və bərabərlik, şəffaflıq və hesabatlılıq, tolerantlıq müxtəlif mədəniyyət və cəmiyyətlərdə paylaşılan ortaq dəyərlərdir. Milli dəyərlərimizin süni intellektin qurbanı olmaması, əksinə texnoloji yeniliklərdən fürsət kimi istifadə edilməsi üçün addımların atılması qaçılmazdır.
Süni intellekt və milli ideologiya
Süni intellekt sistemlərindən etik istifadəni təmin edən qanunlar və standartların hazırlaması zərurətə çevrilib. Hər bir ölkənin özünün süni intellekt həllərinin olması vacibdir. Süni intellekt texnologiyaları qlobal xarakter daşıdığı üçün burada milli maraqların qorunması ilə bağlı bəzi problemlər ortaya çıxır. Zəngin milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirən Azərbaycan və digər ölkələr üçün süni intellekt texnologiyalarının ortaq dəyərlərlə uyğunlaşdırılması zəruridir. Ənənəvi dəyərlər və müasir texnologiyalar arasında balans yaratmaq, milli mədəni dəyərləri qoruyub saxlamaqla yanaşı, qlobal süni intellekt standartlarına uyğunluğu təmin etmək günümüzün tələbidir.
Süni intellekt və ortaq dəyərlər arasında körpü qurmaq sadəcə texniki məsələ deyil, eyni zamanda fundamental insani məsələdir. Əsas məqsəd Sİ süni intellekt texnologiyalarını insan ləyaqətini qoruyan, ədaləti gücləndirən və cəmiyyətə fayda verən şəkildə inkişaf etdirməkdir.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” 4 əsas prioritet istiqamət üzrə – idarəetmə, məlumat infrastrukturu, insan kapitalı və əlverişli biznes mühiti – ümumilikdə 15 tədbiri əhatə edir. Sənəddə Strategiyanın icrasına nəzarət və əlaqələndirmə məqsədilə Nazirlər Kabineti Aparatının rəhbərinin sədrlik etdiyi İşçi qrupun yaradılması da nəzərdə tutulub. İşçi qrup ildə ən azı iki dəfə toplanacaq və prosesin gedişinə dair qərarların verilməsində iştirak edəcək.
Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.
Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.
Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.
Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.
Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.
Süni intellekt texnologiyalarının etik istifadəsi və təhlükəsizliyinin təmin edilməsi strategiyanın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivənin yaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
Eyni zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və onlardan istifadənin cəmiyyət üçün faydaları barədə maarifləndirici kampaniyaların aparılması nəzərdə tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev texnologiyalara və innovasiyalara qarşı müqaviməti “yel dəyirmanları ilə döyüş” kimi dəyərləndirib. Eyni zamanda, onun fikrincə, təhdidlər də gözardı edilməməlidir. "Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır", - deyə H. Hacıyev bildirib.
Süni intellektin imkanları və riskləri
Azərbaycanın süni intellekt sahəsində strateji baxışının formalaşdırılması və sistemli yanaşmanın təmin edilməsi ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq.
Göründüyü kimi, rəsmi Bakı süni intellekti fürsət kimi nəzərdən keçirməyə və ondan iqtisadi inkişafda faydalanmağa çalışır. Süni intellekt həmçinin bizə imkan verir ki, Azərbaycanın milli ideologiyasını, milli dəyərlərini, mədəniyyətini dünyada ən müasir formalarda təqdim edək. Biz texnoloji yeniliklərdən həm iqtisadiyyatımızın gücləndirilməsi, həm də milli dəyərlərimizin təbliği məqsədi ilə istifadə etməliyik.
Süni intellekt sistemlərinin inkişafı və tətbiqi zamanı bir sıra problemlər də ortaya çıxır.
Milli ideologiyalar, milli dəyərlər, milli adət-ənənələrə hörmət.
Rəqəmsallaşan dünyada insanların texnologiyadan düzgün, təhlükəsiz və məqsədyönlü şəkildə istifadə edə bilməsi yalnız şəxsi inkişafa xidmət etmir, bu həm də milli təhlükəsizlik və ictimai rifah üçün də həyati əhəmiyyət daşıyır.
Rəqəmsal savadlılıq təkcə insanların internetdən istifadə bacarıqları ilə ölçülmür.
İnternetdə lazımi informasiyanı axtarıb tapmaq, informasiya resurslarını təhlil etmək, saxta xəbərləri ayırd etmək, kibertəhlükələrdən qorunmaq və onlayn etik davranış qaydalarına əməl etmək günümüzün aktual problemlərindəndr.
Etiraf edək ki, istifadə etdiyimiz sosial şəbəkə platformaları,süni intellekt texnologiyaları həm də mənsub olduqların ölkələrin siyasətlərinə xidmət edirlər. Kənardan idarə olunan bu platformalar cəmiyyət-hökumət arasında etibar və güvən mühitinə də bəzi hallarda mənfi təsir göstərir. Bu gün biz milli maraqlar və prinsiplərin üstünlüyünün alqoritmlərlə qorunub saxlanılmalı olduğu dövrə qədəm qoymuşuq. Süni intellekt modellərinin zərərli istismarı ilə insan şüuruna, düşüncə və davranış tərzinə təsir edilir ki, bu da milli təhlükəsizlik üçün müəyyən problemlər yaradır.
Qlobal güc dinamikasının hər gün gərginləşdiyi dünyamızda hibrid təhdidlərə qarşı hazır olmalyıq.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.