"Onları Vətəndən məhrum ediblər" və "Tarixin qan yaddaşı" kitablarının təqdimatı olub
13:00 - 8 İyul 2017 - Cəmiyyət
Sadıq Zeynaloğlunun rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Onları Vətəndən məhrum ediblər” və “Tarixin qan yaddaşı” kitablarının təqdimat mərasimi keçirilib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kitabın tarixi və bədii əhəmiyyətindən danışıb, onu repressiya illərinin tarixini öyrənmək baxımından qiymətli mənbə kimi dəyərləndirib: “Tarixin qan yaddaşı” kitabında Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsa, Şahbuz rayonunun Keçili kəndlərində 1931-ci ilin fevral-mart aylarında baş verən hadisələr təsvir olunub. Oçerklərdən ibarət olan “Onları Vətəndən məhrum ediblər” kitabı arxiv materialları əsasında hazırlanıb. Burada cibində Kommunist Partiyasının biletinin daşıyan NKVD-nin erməni əməkdaşlarının çıxardığı qərarlar əsasında Qazaxıstana sürgün edilən qarabağlıların siyahısı verilib. Kitabdakı adlar, soyadlar və digər məlumatlar arxiv materiallarından götürülüb".
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan xalqının repressiya tarixindən bəhs edən nəşrlər o dövr haqqında həqiqətləri sənədlər əsasında üzə çıxarır: "Repressiya qurbanlarının ailələrindən bəhs edən kitablar bütövlükdə Azərbaycan xalqının taleyi, onun başına gətirilən faciələrin, ona qarşı təcavüzlərin bir hissəsidir. Bu, elə bir hadisədir ki, ona qarşı laqeyd qalmaq olmaz. Müəllif yazır ki, repressiya hadisələrinin 93 faizinin birbaşa təşkilatçısı ermənilər idilər. Sənədlər əsasında yazılan və qərəzdən, təhrifdən uzaq olan dəyərli kitablar ölkənin bütün kitabxanalarına göndəriləcək".
S. Vəliyeva qeyd edib ki, Heydər Əliyev 1996-cı ildə “1920-50-ci illər arası repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında” sərəncam imzalayıb: “Bu, reabilitasiya haqqında yeganə sənəddir. Bu sərəncamdan sonra arxivlər aydın şəkildə öz xalqına xidmət etdi".
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Elmira Axundova, Musa Qasımlı və başqaları çıxış edərək hər nəşrin ölkə kitabxanalarına və diplomatik korpus nümayəndələrinə göndərilməsinin vacibliyinə diqqət çəkiblər.
Tədbirdə kitabların sifarişçisi Mehdi Məmmədova Kaspi Mətbuat və Təhsil Mərkəzi ilə Mətbuat Şurasının diplomu təqdim olunub.
Qeyd edək ki, hər iki nəşrin tərcüməçisi Elxan Zal Qaraxanlı, redaktoru Fərid Hüseyndir.