Forum teatr təlimlərinə start verildi – Əlilliyi olan gənclərin iştirakı ilə inklüziv təşəbbüs

19:38 - 16 İyul 2025 - Cəmiyyət

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi “Əlilliyi olan şəxslər üçün sosial dəyişiklik – İnklüziv Forum Teatr” layihəsi çərçivəsində forum teatr təlimlərinə start verib.

Təlimlər Bakı şəhərində 40 nəfər əlilliyi olan və olmayan 15-29 yaşlı gənc və yeniyetmənin iştirakı ilə Dəstəkçi İcma Mərkəzində həyata keçirilir.

İki qrup şəklində təşkil olunan təlimlər 6 gün davam edəcək. Sessiyalar zamanı “Əlillik nədir?”, “Əlilliyi olan gənclərin hüquqları”, “İnklüzivlik və inklüziv cəmiyyət” kimi mövzular iştirakçılarla birlikdə interaktiv şəkildə öyrənilir. Eyni zamanda, forum teatr metodikasına əsaslanan məşğələlər sayəsində iştirakçılar sosial problemləri səhnələşdirməklə onların həlli yollarını nümayiş etdirməyə təşviq olunurlar.

Təlimin sonunda iştirakçılar mentorların dəstəyi ilə hazırladıqları unikal tamaşaları təqdim edəcəklər. Tamaşaçı qismində valideynlər, icma üzvləri və sahə üzrə mütəxəssislər dəvət olunub. Layihənin məqsədi əlilliyi olan və olmayan gənclərin birgə fəaliyyətini gücləndirmək, onların sosial həyatda iştirakını artırmaq və inklüziv cəmiyyət ideyasını təbliğ etməkdir. İştirakçılar ictimai elanlar vasitəsilə seçilib və təlimlər tam ödənişsiz əsasda həyata keçirilir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti