Ötən gün bir sıra saytlarda deputat Razi Nurullayevin iş adamı olan qardaşı Hasil Nurullayev tərəfindən Dubayda dəbdəbəli toy mərasimi keçirilməsi ilə bağlı xəbərlər yayılıb.
Ucnoqta.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı millət vəkili Razi Nurullayevlə əlaqə saxlayıb. O, bu mövzudan uzaq qalmaq istədiyini bildirib:
"Mən bu məsələlərdən yorulmuşam. Azərbaycanda vəzifədə olan adamın uzaq qohumları, illərlə görmədiyi yaxınları belə nə etsə onu o vəzifə daşıyan, ictimai yükü olan, az-çox tanınan yaxınına bağlayırlar. Mən də digər ictimai, siyasi, vəzifə yükü olan adamlar kimi hədəfə gəlirəm. Mənə yaxın və uzaq qohumluğu çatan adamların da öz işi, öz gündəliyi, öz həyatı ola bilər.
Buna görə də suallara cavab vermək istəmirəm. Səbəb isə budur ki, məsələni yönləndirənlərin, önə çıxaranların və böyüdənlərin öz "həqiqətlər"i var və nə qədər düz danışsan, nə qədər özünü müdafiə etsən, nə qədər mənə aidiyyatı yoxdur desən də onlar düzü yox, yalanı qəbul edəcəklər. Çox təəssüf ki, belə bir zamana gəlib çıxmışıq" - deyə R. Nurullayev əlavə edib.