Benzin və dizel yanacağının qiymətində baş verən artım cəmiyyətdə yeni suallar yaradıb. Xüsusilə, bu bahalaşmanın gündəlik həyatın ayrılmaz hissəsi olan ictimai nəqliyyat tariflərinə təsir edib-etməyəcəyi ictimai müzakirə mövzusuna çevrilib. Benzin və dizel qiymətlərinin bahalaşması fonunda ictimai nəqliyyatın da bahalaşıb-bahalaşmayacağı sual doğurur.
Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, yanacağın bahalaşması ilə bağlı səsləndirilən fikirlərə müxtəlif dövlət qurumlarından reaksiyalar gəlir. Onun sözlərinə görə, hazırda bu məsələ rəsmi gündəmdə olmasa da, mümkün bahalaşma ehtimalı da birbaşa təkzib edilmir:
“Bəzi qurumlar bildirir ki, hazırda bu məsələ aktual deyil və ya belə bir qərar olarsa, ictimaiyyətə məlumat veriləcək. Yəni il ərzində qiymət artımının olub-olmayacağı qəti şəkildə inkar edilmir”.
V.Oruc qeyd edib ki, yanacaq qiymətlərindəki artım bütün sahələrə təsirsiz ötüşməyəcək. Xüsusilə A-92 markalı benzinin ən çox istifadə olunan yanacaq növü olduğunu xatırladan ekspert vurğulayıb ki, əhalinin böyük hissəsi məhz bu benzindən istifadə edir:
“Avtomobillərin əksəriyyəti, hibrid və elektromobillər istisna olmaqla, A-92 markalı benzinlə işləyir. Bu səbəbdən qiymət artımı sərnişindaşıma da daxil olmaqla, bütün xidmət sahələrində bahalaşmaya gətirib çıxara bilər”.