Ədliyyə Nazirliyi hakimlər üçün təlimlər keçirib

10:46 - 30 Dekabr 2025 - Xəbər

Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə hakimlər üçün mülki hüquq və mülki proses, həmçinin inzibati hüquq və prosesi üzrə təlimlər keçirilib.

Bu barədə Ucnoqta.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimlər Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitskiy, Almaniyanın Berlin şəhərinin inzibati məhkəməsinin hakimi Jorg Pudelka tərəfindən keçirilib.

Hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan həmin hakimlər vasitəsilə digər hakimlərin və hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimlərdə müxtəlif instansiyalar üzrə 32 hakim iştirak edib.

Ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Xəbər xətti