"İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin inşasına başlanır.
Ucnoqta.az xəbər verir ki, Bakıda metro infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində "İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerasının) inşasına start verilir. Layihə qırmızı xətt üzrə qatarlararası intervalların minimuma endirilməsinə və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Bu barədə Bakı Metropoliteni QSC "Qafqazinfo"ya məlumat yayıb. Bildirilib ki, hazırkı şəraitdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın azaldılmasına imkan vermir. Yeni dönmə kamerası bu məhdudiyyəti aradan qaldıracaq.
Layihəyə əsasən, "İçərişəhər" stansiyasında sərnişinlər düşdükdən sonra qatarlar stansiyanın arxa hissəsində yerləşən dönmə kamerasına yönəldiləcək. Daha sonra hazırda girişə qapalı olan platformaya daxil olaraq "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edəcək. Bununla arxadan gələn qatarların hərəkətinə maneə yaradan bufer zonası ləğv ediləcək və təhlükəsizlik səbəbi ilə yaranan intervallar azaldılacaq.
Qeyd olunur ki, dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin isə daha çevik təşkilinə şərait yaradacaq. Dönmə kamerası istifadəyə verildikdən sonra qırmızı xətt üzrə mümkün olan ən minimal interval tətbiq ediləcək, minib-düşmə sahələri tam ayrılacaq və pik saatlarda ehtiyat qatarlar burada hazır saxlanılacaq.
Bundan əlavə, layihə texniki baxımdan da üstünlüklər yaradır. Qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait formalaşacaq, texniki nasazlıq yarandıqda qatarların xətdən operativ çıxarılması mümkün olacaq.
Məlumatda vurğulanır ki, dönmə kamerası sərnişinlər üçün alternativ giriş funksiyası daşımayacaq və yalnız texniki məqsədlərə xidmət edəcək. Layihə çərçivəsində hazırda xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yerüstü hissəsi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək. Yeraltı hissədə isə 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa olunacaq.
Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək. İçərişəhər metro stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.