Yol polisi qəzaların əsas səbəbini AÇIQLADI

11:12 - 19 Dekabr 2025 - AVTO

Aparılan təhlillər göstərir ki, cari ilin 11 ayı ərzində qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən 470 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu fakt ağır nəticəli yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasında ötmə və manevretmə qaydalarının pozulmasının xüsusi yer tutduğunu göstərir.

BDYPİ-dən Ucnoqta.az-a verilən məlumata görə, qarşı hərəkət zolağına düşünülməmiş şəkildə çıxmaq, yolun görünüş məsafəsini və hərəkətin intensivliyini düzgün qiymətləndirməmək, tələskənlik, eləcə də sürücünün özünə həddindən artıq güvənməsi qısa zaman ərzində ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Bu cür qayda pozuntuları əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma, avtomobilin idarəetmədən çıxaraq aşması, eləcə də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükənin yaranması ilə nəticələnir.

Unudulmamalıdır ki, yol hərəkəti zamanı qəbul edilən hər bir yanlış qərar insan həyatı üçün ciddi risk daşıyır. Bir neçə saniyə vaxt qazanmaq istəyi heç bir halda insan həyatının təhlükə altına atılması ilə əsaslandırıla bilməz.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, ötmə və manevretmə zamanı qarşıdan gələn nəqliyyat vasitəsinə olan məsafə real qiymətləndirilməli, yolun vəziyyəti və hava şəraiti mütləq nəzərə alınmalı, sükan arxasında səbir, diqqət və məsuliyyət nümayiş etdirilməlidir.

Xəbər xətti