Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə Ankarada “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” keçirilir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, Media ilə iş sektorunun müdiri Kamran Həsənov və həmin sektorun baş məsləhətçisi Pərvanə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Medianın İnkişafı Agentliyinin və informasiya agentliklərinin nümayəndələrindən ibarət heyət Forumda iştirak edir.
Forumun əsas məqsədi Türk dövlətləri arasında dezinformasiya ilə mübarizə sahəsində koordinasiyanın gücləndirilməsi, mövcud təcrübələrin paylaşılması, informasiya təhlükəsizliyinin təmin olunması və ortaq kommunikasiya yanaşmalarının formalaşdırılmasıdır.
Forumun açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dezinformasiyaya qarşı dayanıqlı mübarizə modellərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq bildirib ki, dezinformasiyanın artan miqyası ölkələrin media ekosistemi və ictimai etimadı üçün ciddi təhdidlər yaradır və bu təhlükələrə qarşı mübarizə yalnız peşəkar jurnalistika, media savadlılığının gücləndirilməsi və dövlətlərarası həmrəylik yolu ilə mümkündür. Diqqətə çatdırılıb ki, Azərbaycan bu istiqamətdə həm milli səviyyədə ardıcıl tədbirlər həyata keçirir, həm də Şuşa Qlobal Media Forumları və türk dövlətləri ilə birgə platformalar çərçivəsində təcrübə mübadiləsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
“Türk dünyasını hədəf alan dezinformasiya halları və onlara qarşı mübarizə tədbirləri” mövzusunda panel sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Türk dünyasına yönəlmiş yanlış və manipulyativ informasiya axınlarına qarşı mübarizədə effektiv kommunikasiya strategiyalarının formalaşdırılması, vahid məlumatlandırma mexanizmlərinin qurulması və operativ informasiya mübadiləsinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, dövlət qurumları arasında institusional əlaqələrin gücləndirilməsi, ictimaiyyətlə açıq ünsiyyətin təşkili, habelə strateji kommunikasiya imkanlarının koordinasiyalı şəkildə səfərbər edilməsi dezinformasiyanın təsirinin minimuma endirilməsində vacib rol oynayır.
Qeyd edək ki, Forum 18-19 dekabr tarixlərini əhatə edəcək və növbəti gün “Ortaq gələcəyin inşasında Türk mediasının rolu” mövzusunda müzakirə baş tutacaq, təqdimatlar ediləcək.