İmişli məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə olundu - FOTO

13:00 - 18 Dekabr 2025 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, millət vəkili Səyyad Aran və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli İmişli rayonunda fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində olublar.

Ucnoqta.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Nəriman Nərimanov adına 1 nömrəli məktəb-lisey və Fərhad Quliyev adına Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşlər zamanı məktəblərin maddi-texniki bazası, tədris prosesinin təşkili, müəllimlərin pedaqoji fəaliyyəti və şagirdlərin təlim göstəriciləri diqqət mərkəzində saxlanılıb. Sinif otaqları, fənn kabinetləri və məktəbin ümumi infrastrukturu nəzərdən keçirilib, mövcud şəraitin təhsilalanların bilik və bacarıqlarının inkişafına təsiri müzakirə olunub.

Bəhruz Nəbili çıxışında təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb, müəllim və məktəb rəhbərlərinə bu istiqamətdə tövsiyələrini çatdırıb. O, tədris prosesində innovativ yanaşmaların tətbiqinin, şagirdyönümlü təhsilin və sağlam məktəb mühitinin formalaşdırılmasının vacibliyini qeyd edib.

Millət vəkili Səyyad Aran isə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışaraq, regionlarda təhsil müəssisələrinin inkişafının ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, müəllimlərin fədakar əməyini yüksək qiymətləndirib və şagirdlərin daha yaxşı nəticələr əldə etməsi üçün birgə səylərin vacibliyini önə çəkib.

Səfər zamanı məktəb kollektivləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, təhsilin keyfiyyətinin artırılması, qarşıda duran vəzifələr və mövcud problemlərin həlli yolları müzakirə olunub. Qaldırılan məsələlər diqqətə alınaraq müvafiq addımların atılacağı bildirilib.


Xəbər xətti