Mehriban Zəkiyə qarşı dələduzluq

12:39 - 26 Noyabr 2025 - Xəbər

Xalq artisti Mehriban Zəki dələduzluqla üzləşib.

Ucnoqta.az xəbər verir ki, aktrisa bu haqda özü məlumat yayıb. O bildirib ki, "Kapital bank"ın əməkdaşı kimi ona zəng edib, kart məlumatlarını istəyiblər:

"Bunu qalmaqal üçün yox, "Kapital bank" müşətirlərinin məlumatlı olması üçün paylaşıram. Yaşlı, pensiya alan insanlar məlumatsızdılar. Bankın əməkdaşı adı ilə mənə zəng ediblər. Mən onlara heç bir kart kodu vermədim. Bu nömrələrdən gələn zəngə qarşı diqqətli olun. Həmin bank əməkdaşlarına zəng etdim və nömrələri yönləndirdim. Bildirdilər ki, onlar müştəriyə heç vaxt vatsapda zəng etmirlər. Süni intellektlə dəyişilmiş səs idi. Başa düşdüm ki, dələduzluqdur".

“Son zamanlar insanları müxtəlif yollarla aldadaraq onlara məxsus vəsaitləri mənimsəməyə çalışan dələduzların hədəfi bu dəfə Xalq artisti Mehriban Zəki olub. O bu barədə öz sosial şəbəkə hesabında məlumat verib. Məlum olub ki, özünü “Kapital Bank” əməkdaşı kimi təqdim edən dələduz ona “WhatsApp” sosial şəbəkəsi üzərindən zəng edib və şəxsi məlumatlarını istəyib. Dələduzluq halları ilə bağlı məlumatlı olan Mehriban xanım heç bir məlumat təqdim etməyib və dərhal bankla əlaqə saxlayıb. Bankdan ona həmin nömrənin həqiqətən də banka aid olmadığı bildirilib və zəng edən şəxsin dələduz olduğu təsdiq edilib”​.

Bu fikirlər “Kapital Bank”ın məsələ ilə bağlı yaydığı açıqlamada qeyd olunub.

“Kapital Bank”dan bildirilib ki, ehtiyatlı davrandığı və müştəriləri də bu mövzuda məlumatlandırdığı üçün Mehriban xanıma təşəkkür edirlər: “Bir daha qeyd edirik ki, aidiyyatı qurumların və bankların təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesablarından və ya xarici nömrədən zəng edə bilməz. “Kapital Bank” adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən mobil tətbiqə bank əməkdaşı olduğunu təsdiq edən bildiriş göndərməsini tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş “Birbank” mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir:

“Dəyərli “Birbank”lı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.

Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır”.

Xəbər xətti