Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücülərlə bağlı görüntülər yaydı. Amma bu görüntülər birmənalı qarşılanmadı.
Ucnoqta.az xəbər verir ki, bəzi sürücülər sağ hərəkət zolağında yolun yararsız olması səbəbindən sol zolaqla hərəkət etdiklərini bildirirlər. Yayılan görüntülərdə də açıq görünür ki, yolun sağ hərəkət hissəsi təmirsizdir. Məsələn, Salyan DYP postuna 300 metr qalmış əraziyə qədər yolun yararsız sağ hissəsi təmir olunub. Lakin posta yaxınlaşdıqda yolun sağ zolaq hissəsi tamamilə yararsızdır. Bu səbəbdən sürücülər sol zolaqla hərəkət etməli olurlar. Bəs bu halda yol patrul xidməti əməkdaşı həmin sürücülərə cəzalandırmalıdırmı?
Bununla bağlı saytımıza yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bəzən yol yararsız vəziyyətdə olduğundan sürücülər sol zolaqla hərəkət edirlər. Bunu qayda pozuntusu kimi qeydə almaq bəzən narazılıq yardır. Belə olan halda əsas diqqət yolun təmir olunmasına yönəldilməlidir. Lakin bəzi sürüclər də bu halı bəhanə edir, digər yollarda da sol zolaqla hərəkət edirlər. İndiki halda biz bunu problem kimi qəbul edirik. Məsələnin həlli ancaq nasaz yolların tam təmir olunmasından keçir."
Xatırladaq ki, yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Bu qaydanın pozulmasına görə, inzibati qaydada məsuliyyət nəzərdə tutulub.