Hindistanın cənubundakı Andhra Pradeş ştatında turist avtobusunun yanğınında ən azı 20 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, "Hindustan Times" qəzetinin məlumatına görə, hadisə təxminən 44 sərnişinlə Haydarabaddan Banqalor şəhərinə gedən Kaveri Travels avtobusunun milli magistral yolda motosikletə çırpılması nəticəsində baş verib.
"İki təkərli nəqliyyat vasitəsi avtobusun altına ilişib yanacaq çəninə dəyib, dərhal partlayışa və avtobusda alovun sürətlə yayılmasına səbəb olub", - deyə polis bildirib.
Qəza baş verən zaman sərnişinlərin əksəriyyəti yatmışdı. Bəziləri pəncərələri sındırıb və avtobusdan xilas olsa da, lakin bir çoxu alov bir neçə dəqiqə ərzində bütün avtobusu bürüdüyü üçün içəridə qalıb.
Polis qəzanın səbəblərini araşdırmağa başlayıb.
Xəbərlərə görə, avtobus sürücüləri qəzadan dərhal sonra hadisə yerindən qaçıblar. Onlar hələ də axtarılır.