"Gəlinim ölməyə layiq idi, ..."

17:31 - 23 Oktyabr 2025 - HADİSƏ

Bakının Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsi prosesdə iştirak etməyib. Lakin prosesin davam etməsinə qərar verilib.

Şahid Ağamöhsün Əliyev hadisə baş verən gün işdə olduğunu deyib:

"Eşitdiyimə görə, böyük- kiçik saymırdı. Kişiyə ağır cavab qaytarıb, hörmətsizlik edib. O da məcbur olub onu vurmağa. Hadisədən sonra atam işlədiyim marketə gəldi, "Bundan sonra ailəmiz sənə əmanət" deyərək təslim olmağa gedəcəyini dedi. Qardaşım görmə və fiziki əngəlli idi, 10 il idi evlənmişdi qardaşımla. Lakin son 2-3 ildə xasiyyəti dəyişmişdi, davranışında çatışmazlıqlar yaranmışdı".

Təqsirləndirilən Ağanəbi Əliyev nalayiq hərəkət etdiyinə, onu söydüyünə görə gəlinini öldürdüyünü bildirib:

"Həkim məsləhət görürdü ki, evləndirim oğlumu. Mən də ailəmizə qulluq etsin deyə xəstə oğlumu evləndirdim. Gəlin hərəkətləri, davranışı ilə ölməyə layiq idi ki, öldürdüm".

Daha sonra şahid dövlət ittihamçısının və vəkillərin suallarını cavabdırıb.

Növbəti məhkəmə prosesi 30 oktyabr saat 14:00-a təyin edilib.

Xatırladaq ki, 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq öldürməkdə ittiham olunur. Hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi ehtimal olunur. Məlumata görə, D.Əliyeva mübahisə zamanı qayınatasını təhqir edib, bundan əsəbiləşən A.Əliyev onu qətlə yetirib. Qətlə yetirilən qadının üç azyaşlı övladı olub.

Xəbər xətti