"Onlar başqa klublara keçdilər" - Qurban Qurbanov

18:35 - 29 İyul 2025 - İDMAN

Oyuna yaxşı hazırlaşmışıq.

Ucnoqta.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İrlandiyanın “Şelburn” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəsssis ciddi rəqibə qarşı oynayacaqlarını bildirib: "Növbəti mərhələ barədə düşünmürük. Bütün diqqətimizi "Şelburn"la matça yönəltmişik. Hər şey plan üzrə gedir. Bakıdakı matçda daha yaxşı oynamaq istəyirik. Az səhv edib qələbə qazanmaq niyyətindəyik".

Baş məşqçi komandasının meydana itkilərlə çıxacağını söyləyib: "Dani Boltun oynamayacağı dəqiqdir. Marko Yankoviçin durumu matç saatına kimi müəyyənləşəcək".

Transfer məsələsinə də toxunan Q. Qurbanov yarımmüdafiə və hücum xəttinə futbolçular axtardıqlarını vurğulayıb: "Bəzi danışıq apardığımız oyunçularla anlaşa bilmədik. Onlar başqa klublara keçdilər. Əlimdə olan futbolçulardan da razıyam. Əgər alınsa, yaxın vaxtlarda transferlər baş tutacaq".

Təcrübəli çalışırdıcı Mateus Silvanın mərkəz müdafiəçisi mövqeyində özünü doğrultduğunu qeyd edib: "Mateus özünü həmin mövqedə yaxşı hiss edir. Hər oyunçunun potensialına uyğun davranırıq. Qapıçı seçiminə gəlincə, həm Mateuş Koxalski, həm də Fabian Buntiçi oynadıb, formadan düşmələrinə imkan vermək istəmirik. Heyət seçimi oyunçuların məşqlərdəki göstəricisindən asılı olur".

Mütəxəssisin sözlərinə görə, yeni transfer Same Mmaenin öz formasını bərpa etməsi üçün müəyyən qədər vaxt lazımdır: "Bəyəndiyimiz oyunçudur. Ona inanırıq. Redon Cica məsələsinə gəlincə, Juninyo gəldikdən sonra əsas heyət uğurunda mübarizə aparırdı. Az oynasa da, meydana çıxdığı matçlarda bizə fayda verirdi. Bu cür futbolçunun komandamda qalmasını istərdim. Qol duyumu olan hücumçu idi".

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” matçı saat 20:00-da başlayacaq. Ağdam klubu ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

Xəbər xətti