2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üüçn 60489 plan yeri ayrılıb.
Ucnoqta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb:
“Plan yerlərinin 28401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər”.
Bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə demək olar ki, uyğun olduğunu vurğulayıb: “2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.
Xatırladaq ki, 2024-cü ildə plan yerlərinin sayı 58.500 idi.