Ötən qısa dövr ərzində Azərbaycan QHT-lərinin dünyaya bu cür çıxışı, beynəlxalq əməkdaşlığı üçün böyük imkanların açılması həm də QHT-lərin inkişafı siyasətinə məsul olan dövlət qurumlarının böyük zəhmətinin, fədakar xidmətinin nəticəsi sayılmalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransında deyib.
İH-nin üzvü bildirb ki, bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi QHT-lərin inkişafı strategiyası dayanır:
“Biz dövlət başçının həm andiçmə nitqində, həm parlamentin yeni tərkibi qarşısında çıxışında, həm də yerli TV kanallarına müsahibələrində vətəndaş cəmiyyətinə dair konseptual baxışının şahidi olmuşuq. Ona görə də bu gün Azərbaycan QHT-ləri ümumi prosesə töhfə vermək üçün çoxsaylı yeni təşəbbüslərlə çıxış edir, fəallıq göstərir, onların müvafiq rəy və təkliflərinin nəzərə alınması bizi sevindirir”.
Azər Allahverənov onu da vurğulayıb ki, Azərbaycan Milli QHT Forumu ictimai şuraların da sağlamlaşdırılmasına maraqlıdır.
“Biz müxtəlif qurumlar yanında olan ictimai şuralarla müntəzəm şəkildə görüşlər təşkil edirik, onların öz aralarında da körpülər qururuq. 2024-cü ildən bu yana formalaşmış ictimai şuraların hər birinin sırf sahəyə uyğun profil təşkilatlardan ibarət olması aydın sezilir. Bu, əvvəllər arzu idi, indi reallıqdır. Biz yeni mühitdə ictimai şuralarla əlaqədar neqativ halların kəskin azaldığını da müşahidə edirik”, - deyə deputat qeyd edib.