Salyanda qadının maşınını daşlayıb, sirkə turşusu tökdülər

17:36 - 27 Yanvar 2026 - HADİSƏ

Salyanda qadının idarə etdiyi avtomobili daşlayıb, üzərinə sirkə turşusu tökənlər saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Y. Qasımov küçəsində qeydə alınıb.

Şəhər sakini olan qadın “Chevrolet Cruze” markalı avtomobillə həmin küçədə hərəkətdə olarkən 5 kişi nəqliyyat vasitəsinin qarşısını kəsərək, daşlayıb. Həmçinin avtomobilin üzərinə sirkə turşusu töküb. Hadisə zamanı avtomobildə sürücüdən başqa, onun yeniyetmə qardaşı oğlanları da olub.

Zərərçəkənin şikayəti əsasında hadisəni törədən həmin şəxslər saxlanılıb və barələrində inzibati protokollar tərtib olunub.

Saxlanılan şəxslərin sözlərinə görə, həmin qadının idarə etdiyi avtomobildən insanların üzərinə pirotexniki vasitə atıblar. Partlayıcılardan biri orada taksi fəaliyyəti göstərən şəxsin avtomobilinin salonuna da düşüb. Bundan başqa, küçəyə ard-arda partlayıcıların atılması orada olan insanları da çox narahat edib. Saxlanılan şəxslər avtomobilin üzərinə sirkə turşusu tökülməsi iddialarını inkar ediblər.

Salyan rayon Məhkəməsinin qərarı ilə saxlanılan 5 nəfərdən 4-ü barəsində 5 günlük inzibati həbs, biri barəsində isə 50 manat miqdarında cərimə cəzası təyin edilib.

Xəbər xətti