Siqaretin qiyməti artdı - monitorinq başladı

12:21 - 7 Yanvar 2026 - Xəbər

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətlərində müşahidə olunan dəyişikliklərlə bağlı istehlak bazarında monitorinqlər aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “report.az”ın sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na daxil olmayan məhsulların, o cümlədən siqaretlərin qiymətlərini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir.

Bununla belə, Agentlik istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, eləcə də qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət məqsədilə mütəmadi monitorinqlər həyata keçirir. Bazarda qiymətlərin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür.

Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar təqdim olunduğu təqdirdə məsələyə Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılır.

Qeyd edək ki, son bir neçə gündə bəzi siqaretlərin qiymətlərində artım müşahidə olunur.

Xəbər xətti