Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan xaker saxlanıldı

11:52 - 31 Oktyabr 2025 - Xəbər

Virtual məkanda mövcud olan təhdidlərin qarşısının alınması, informasiya texnologiyaları mühitində vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədi ilə kiberpolis tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, belə ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər zamanı DNV-RAT.İNFO domeni adı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompüter sistemlərinə zərərli kibermüdaxilə proqramlarının satışının həyata keçirildiyi müəyyən edilib.

Tədbirlərin davamı olaraq saytın Sumqayıt şəhər sakini Fərid Cəfərli tərəfindən yaradılaraq idarə edildiyi müəyyən olunub və o, saxlanılaraq Baş İdarəyə gətirilib.  

Araşdırma zamanı F.Cəfərlinin qeyd edilən saytda kompüter avadanlıqları ilə yanaşı, mobil telefon zənglərinin şaxtalaşdırılması, istənilən nömrədən hədəf nömrəyə zənglərin edilməsi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsinin (OTP) qarşı tərəfə göndərilməsi funksiyalarına malik və kibercinayətlərin törədilməsində istifadə olunan digər zərərli proqramların satışını da həyata keçirdiyi müəyyən edilib. 

Qeyd edək ki, saxlanılan şəxs həmin proqramların satışını kriptovalyuta qarşılığında həyata keçirib. O, proqramları almaq istəyən şəxslərdən bunun müqabilində müxtəlif məbləğlərdə USDT kriptovalyutasını istifadəsində olan virtual hesaba köçürülməsini tələb edib.

Xəbər xətti