Almaniyadakı alimlər kompüter tomoqrafiyası vasitəsilə XVI əsrə aid qılıncda gizli bir yazı aşkar ediblər. Onlar qədim silahın bıçağında onun yaradıcısı Klemes Stemin adını tapıblar.
Ucnoqta.az-ın məlumatına görə, Arkeonews xəbər verir ki, tədqiqatı Yenadakı Fridrix Şiller Universitetinin mütəxəssisləri və INNOVENT e.V. institutunun alimləri aparıblar. Onlar universitetin tarixi mərkəzi olan Yena Kollecinin qalıqları arasında tapılan qılıncı araşdırıblar.
Degen kimi tanınan qılınc, XVI-XVIII əsrlərdə müəllim və tələbələr üçün kilsə və dəfn yeri kimi xidmət edən kollec kilsəsində dəfn edilmiş dörd qılıncdan biri idi.
Restorator İvon Przemus metalı korroziyadan təmizləmək əvəzinə, artefakta zərər verməmək üçün kompüter tomoqrafiyasından istifadə etməyi təklif edib. 
                       
                                             
                            
                            
Skanlama INNOVENT texnologiya mərkəzində Fransanın RX Solutions şirkətinin yüksək dəqiqlikli EasyTom 150-160 X-Ray Micro & Nano-CT sistemindən istifadə edilərək aparılıb.
Bu sistem tədqiqatçılara qılıncın ətraflı 3D modelini yaratmağa və onun daxili quruluşunu vizuallaşdırmağa imkan verib. 
                       
                                             
                            
                            
Təhlil zamanı mütəxəssislər metal üzərində usta Klemes Stemin adının yazıldığı bir oyma aşkar ediblər.
Stem 16-cı əsrdə Avropa zadəganları üçün qılınc istehsalı üzrə məşhur bir mərkəzə çevrilən Solingendən olan bir qılınc ustası idi. Onun emalatxanası yerli dəmirçilərin kral sarayları üçün silahlar hazırladığı dövrdə fəaliyyət göstərirdi. 
                       
                                             
                            
                            
Aşkar edilən kitabə göstərir ki, 1580-1620-ci illər arasında olan qılınc Stem və ya onun tələbələri tərəfindən hazırlanmış ola bilər. Solingen Muzeyində saxlanılan oxşar qılınclar adətən yüksək vəzifəli şəxslərə - rektorlara, professorlara və ya zadəgan ailələrindən olan tələbələrə məxsus idi.
Alimlər qeyd edirlər ki, kompüter tomoqrafiyası arxeologiya üçün yeni imkanlar açır və artefaktların daxili quruluşunu zədələnmə riski olmadan ətraflı araşdırmağa imkan verir.
Arxeoloq Enriko Paust qeyd edir ki, "KT müayinəsi obyektin daxili tərkibini və hətta tarixini aşkar edə bilər və artefaktı mədəni mənşəyi ilə yenidən əlaqələndirməyə kömək edə bilər". 
                       
                                             
                            
                            
Qılınc müayinəsi həmçinin mərasim istifadəsindən qaynaqlanan kiçik deformasiyaları da aşkar edib.
Tədqiqatçılar vurğulayırlar ki, bu cür tapıntılar təkcə İntibah dövrü metal emalı texnologiyaları haqqında biliklərimizi genişləndirməyə kömək etmir, həm də müasir texnologiyadan istifadə edərək tarixi artefaktları anlamaq üçün yeni bir yol açır. 
                       
                                             
                            
                             
                       
                       
                    
