Əmlak Məsələləri Dövlət Komitəsi respublika ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması, torpaq analizlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində bir sıra innovativ tədbirlər həyata keçirir. Bu işlər Komitənin nəzdində fəaliyyət göstərən stasionar və mobil torpaq, bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Komitədən Ucnoqta.az-a verilən məlumata görə, bu dəfə mobil laboratoriyalar 8 noyabr tarixində Neftçalada xidmət göstərib. Rayonunun əkin yerlərində, pambıq və taxıl sahələrində torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib. Mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlıq dərəcələri, analizlər nəticəsində torpağın “qida rasionu” müəyyənləşdirilib. Torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri yəni nəmliyi, ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, temperaturu və s. təyin olunub. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən nə qədər həcmdə verilməsi müəyyənləşib. Kəndlilər aparılan torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq, elə həmin gün məlumat alıblar. Bu xidmətin bilavasitə yerlərdə göstərilməsi fermerlərin işini yüngülləşdirməklə, onların daha optimal və operativ qaydada xidmətdən yararlanmasına şərait yaradıb. Nəticədə kəndlilər vaxtlarına qənaət etmiş olmaqla zamanını düzgün planlaşdıra bilirlər. Eyni zamanda bu, fermerlərin torpaqlardan səmərəli istifadə etməsinə, məhsuldarlığın xeyli artmasına imkan verəcək. Bundan başqa fermerlər məhsuldarlığı artırmaq üçün həyata keçirəcəyi aqrokimyəvi tədbirlərə, suvarma sisteminə xərcləyəcəyi vəsaitə qənaət edərək maliyyə resurslarını düzgün idarə edəcəklər. Qeyd edilməlidir ki, xidmətdən istənilən ucqar kənd yerlərində fəaliyyət göstərən fermerlər faydalana bilirlər.
Qeyd edilməlidir ki, ilkin olaraq ərazidə olan zaman çöl şəraitində torpaqlardan xüsusi qurğu vasitəsilə nümunə götürülür. Həmin nümunə kölgədə, havada qurudulur. Mobil laboratoriyada təchiz edilmiş elektron torpaq döyən maşında torpaq nümunəsi döyülür. Diametrləri müxtəlif olan elektron ələk dəsti aparatında avtomatik ələnir, xüsusi paketlərdə müxtəlif analizlər üçün hazırlanır. Mobil laboratoriyada olan elektron tərəzilərdən (texniki və analitik) istifadə edərək, az vaxtda istənilən nəticəni əldə etmək olar.
Mobil laboratoriyalar müasir tələblərə cavab verən, mütərəqqi texnologiyalarla təchiz edilib. Torpaqların hiqroskopik nəmliyi elektron cihaz vasitəsilə qısa müddətdə təyin olunur. Standart metodikalara əsaslanaraq torpağın fiziki-kimyəvi tərkibindən əlavə olaraq torpaqda olan qida maddələrinin (Azot, fosfor, kalium) keyfiyyət göstəricilərini də öyrənməyə imkan verir. Məsələn, laboratoriyaya daxil olan pH-metr avadanlığı ilə torpaqların mühiti öyrənilir ki, bu da həmin torpaqda hansı kənd təsərrüfatı bitkilərinin əkilməsi zərurətini önə çəkir. Müasir tələblərə cavab verən yeni laboratoriyalar torpaqların şorlaşma dərəcəsini, tiplərini və qrunt sularının minerallaşma dərəcələrini təyin edir, həmçinin onlardan düzgün və səmərəli istifadə edilməsinə şərait yaradır.