Ceyhun Bayramov Kaleb Orrla görüşdü

22:45 - 1 İyun 2026 - SİYASƏT

İyunun 1-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət, eləcə də regional gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. İlk iclası keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Görüşdə enerji sahəsində uzunmüddətli əməkdaşlığın, xüsusilə ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb. Eyni zamanda bərpaolunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov ölkəmizin əlverişli investisiya mühiti, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Bu istiqamətdə Orta Dəhlizin artan əhəmiyyəti, onun regional iqtisadi inteqrasiyaya verdiyi töhfə vurğulanıb.

Görüşdə ötən ilin avqust ayında Vaşinqton sammiti çərçivəsində əldə edilmiş tarixi razılaşmalardan sonra regionda mövcud vəziyyət və əhəmiyyətli irəliləyişlər, habelə kommunikasiya xətlərinin açılması, TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər xətti