Gürcüstan hakimiyyəti onun maraqlarını qoruduğu üçün Avropa İttifaqından yeni sanksiyalar təhlükəsindən narahat deyil.
Ucnoqta.az xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib.
"Ölkənin maraqlarına gəldikdə, biz güzəştə getməyəcəyik. Çox prinsipial mövqeyimiz olacaq. Biz Gürcüstanın maraqlarını, ölkənin gələcəyini və gürcü xalqının maraqlarını müdafiə edəcəyik. Biz öz işimizi görürük, xalqın və ölkənin maraqlarını qoruyan siyasət yürüdürük. Neçə dəfə sanksiya tətbiq etməlidirlər? Bir dəfə, iki dəfə, üç dəfə? Başa düşürük, amma burada ölkənin maraqlarından danışırıq", - Kaladze jurnalistlərə bildirib.
Siyasətçi əlavə edib ki, AB Gürcüstandan əvvəllər qəbul edilmiş xarici agentlər haqqında qanunu ləğv etməyi tələb edir, lakin tələbi üçün heç bir əsaslandırma təqdim etmir. "Biz yalnız bir şey istəyirik: digər Avropa ölkələri oxşar qanuna ehtiyac duyulduğu halda, bu qanunun niyə problem olduğunu və ya niyə Avropa dəyərlərinə zidd olduğunu bizə izah etmələrini istəyirik. Bu qanunu qəbul edərkən aldığımız hücumları xatırlayırsınız. Eyni şey bu gün də davam edir", - deyə mer yekunlaşdırdı.