Yasamalda yanğın baş verən obyektin sahibi DANIŞDI

09:56 - 23 Noyabr 2025 - Cəmiyyət

"3 nəfərin ölümü, xeyli insanın tüstüdən zəhərlənməsi ilə bağlı, ümumilikdə isə binada baş verən hadisə üzrə vətəndaşların bizi günahlandırması doğru deyil. Yanğına səbəb "Loft" restoranı olmayıb".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında sözügedən restoranın yerləşdiyi obyektin sahibi Vüqar Abbasov deyib.

O bildirib ki, sakinlərin iddiaları əsassızdır və araşdırmalardan sonra bütün həqiqət üzə çıxacaq:

"Restoranın sahibi Asim Kərimovdur. Təxminən iki il əvvəl sahibi olduğum yeri sözügedən şəxsə icarəyə vermişdik. Bina sakinləri gün ərzində müxtəlif iddialar səsləndiriblər. Bunların heç bir əsası yoxdur. Baxın, əvvəlcə onu qeyd edim ki, restoranın və binanın elektrik xətləri ayrıdır. Bizim xətlərdə hazırda heç bir problem yoxdur. Vətəndaşlar iddia etsələr ki, bizim işıq kabelləri qızaraq onlarınkını da sıradan çıxarıb, bu yanlışdır. 160 kV üçün texniki pasportumuz var. Bizim ümumi istifadə isə 30 kV-nı aşmır. Yay aylarında aylıq maksimum 1000-1300 manat pul ödəyirdim. İndi qışdır, yüklənmə belə yoxdur. Xətlərdə yüklənmə nədən ola bilər? Qeyd etdiyim kimi, bütün proseslər texniki göstəricilərə uyğundur. Bundan başqa, deyirlər ki, şaxtada generator olub. Bu da əsassızdır. Bizim generatorlarımız çöldədir, hamısı da işlək vəziyyətdədir. İstəyən şəxs gəlib baxa bilər. Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd olunur ki, hadisə binanın elektrik şaxtasındakı yanğın səbəbindən baş verib. Bizdən isə ora heç bir elektrik kabeli daxil olmurdu".

Sahibkar vurğulayıb ki, bina 2003-cü ildə tikilib və oranın elektrik xətləri olduqca köhnədir:

"Binanın problemləri çox idi. Sakinlər öz aralarında pul yığıb problemləri həll edə bilmirdilər. Rəsmi açıqlama olandan sonra bütün gerçəklər üzə çıxacaq. Gün ərzində Baş Prokurorluqda idim. Bütün sübutları təqdim etmişik. Yəqin ki, ilkin ehtimalda günahımız olsaydı, sərbəst buraxılmazdıq. Araşdırma davam edir. Dediyim kimi, kabellər köhnədir. Axırıncı dəfə onlara nə vaxt baxış keçirilib, məlum deyil. Binada yanğın baş verən zaman bizim obyektdəki işıqlarda problem yox idi. Hətta təhlükəsizlikdən dolayı özümüz "Azərişıq"a müraciət etdik ki, elektrik verilişini dayandırsınlar. Yanğın şaxtada olduğu üçün bizə də xeyli ziyan dəyib. Həmçinin növbəti iddialardan biri də guya biz hibrid maşınlarının elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirmişik. Baxın, həmin qurğuları "iVOLT" şirkəti quraşdırıb və bu avadanlıqlar binanın çölündədir. Sadəcə bizim elektrik şəbəkəsinə qoşulublar. Amma sakinlərin dediyi kimi, zirzəmidə bizə aid nəsə olmayıb".

V.Abbasov binanın texniki işçisinin restoran əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialara da cavab verib:

"Birincisi, həmin şəxs - Yusif Həsənov - binada elektrik deyil. Əmək müqaviləsi belə yoxdur. Bir neçə gün əvvəl gec saatlarda içkili vəziyyətdə gələrək texniki otağın açarını istəyib. Həmçinin onu da qeyd edim ki, o açarın biri bina sakinlərindədir. Bizim əməkdaşlar da Yusifə açarı verməyiblər. Ona görə ki, həmin şəxs sərxoş idi. Bədbəxt hadisə baş versə, məsuliyyət daşımalı olacaqdıq. O isə əlinə bel alaraq əməkdaşlara xəsarət yetirməyə çalışıb və qapıya təpik vurub. Normal vaxt açarı götürüb gəlib baxa bilərdi. Gecə vaxtı həmin yerə niyə girmək istəyir? Bundan başqa, qeyd olunub ki, təxliyə qapısını biz bağladığımız üçün vətəndaşlar yanğın zamanı çıxa bilməyiblər. Baxın, birincisi, təxliyə qapısı yoxdur. İkincisi, olsaydı, bu, birinci mərtəbədə yerləşərdi. Vətəndaşlar birinci mərtəbəyə düşməyiblər. Belə olan halda blokun qapısından da çıxa bilərdilər. Sadəcə lift işləməyib, ona görə yuxarı mərtəbələrdə zəhərləniblər. Hətta buna dair videolar da var".

Vətəndaşların restorandan təzminat tələbinə münasibət bildirən obyekt sahibi qeyd edib ki, bu məsələ hüquq müstəvidə həll olunmalıdır:

"Sakinlərin belə tələbi varsa, məhkəməyə müraciət etsinlər. Əgər qərar onların lehinə olacaqsa, təzminatı ödəyəcəyəm. Amma burada ziyan mənə də dəyib və təzminatı mən tələb etməliyəm. Sadəcə ölüm faktını və hadisənin ağırlığını nəzərə alaraq susuram. İnsanların maddi vəziyyəti yaxşı deyil. Vicdanım əl vermir ki, kimdənsə pul alım. Amma restorana küllü miqdarda ziyan dəyib. Hər bir halda araşdırma gedir. Mən də mediaya çox danışmaq istəmirəm. Çünki indi sakinlər emosional vəziyyətdədirlər, dediklərim düz anlaşılmaya bilər. Araşdırmanın nəticəsindən sonra hər şey üzə çıxacaq".

Xəbər xətti