Ətin qiyməti niyə bahalaşır? - Ekspert

10:28 - 9 Sentyabr 2025 - ÖLKƏ İÇİ

“Bu gedişlə ətin qiyməti davamlı olaraq artacaq. Çünki Azərbaycanda ətin qiymətinin artımı sadəcə bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir”.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

“Rəsmi statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adambaşına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir.

Əhali artır, yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb.
Göründüyü kimi, hər sahəyə ayrılan ərazi artıb. Amma ölkənin yararlı torpaq sahəsi artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib. Bu azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir, otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və ət qiyməti davamlı yüksəlir”, - deyə iqtisadçı fikrini əsaslandımağa çalışıb.

Ekspertin fikrincə, çıxış yolları kimi genetik seleksiya, məhsuldar cinslərin gətirilməsi, aqrotexniki innovasiyalarla daha az torpaqda daha çox məhsul əldə etməklə bağlı təkliflərə baxılmalı,  daha ciddi addımlar atılmalıdır:

“Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. Eyni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgüsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının əksər sahələri əziyyət çəkəcəkdir.

Beləliklə, ət qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxunduq. Necə əmin olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çatmayacaq? Çünki səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil.
Əslində, qlobal infilyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür".

Xəbər xətti