Santuş Azərbaycan millisini daha bir il geri atdı: 11 oyun, 9 məğlubiyyət ...

13:42 - 8 Sentyabr 2025 - İDMAN

Xəbər verdiyimiz kimi, Azərbaycan milli futbol komandasının baş məşqçisi Fernandu Santuş vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, onun AFFA ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, zəif nəticələr səbəbindən əməkdaşlığa vaxtından əvvəl son qoyulub.

Xatrıladaq ki, 70 yaşlı Santuşun rəhbərliyi altında Azərbaycan yığması 11 oyuna çıxıb, lakin heç bir qələbə qazanmayıb. Bu qarşılaşmaların 9-da məğlub olub, 2-si isə heç-heçə ilə yekunlaşıb. Komanda bu müddətdə cəmi 4 qol vurub, 29 top buraxıb.

Santuşun rəhbərliyi altında millimiz Millətlər Liqasında uğursuz çıxış edərək D Liqasına düşüb. DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə qarşılaşan Azərbaycan millisi 0:5 hesabı ilə uduzub.

Xatırladaq ki, Fernandu Santuş Portuqaliya millisi ilə 2016 Avropa çempionatında və 2019 Millətlər Liqasında çempion olub.

2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsə də, həmin ilin sentyabrında istefaya göndərilib. Fernandu Santuş həmçinin 2024-cü ilin yanvarında "Beşiktaş FK" ilə müqavilə imzalayıb, lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra apreldə istefaya göndərilib.

Portuqaliyalı mütəxəssis 2024-cü ilin iyunun 3-də Azərbaycan milli futbol komandasının baş məşqçisi təyin olunub.

Xəbər xətti