Təhsil işçiləri üçün Sentyabr Konfranslarına start verilib - FOTO

09:31 - 4 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Sentyabrın 3-də Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "2024-2025-ci tədris ilinin yekunları və 2025-2026-cı tədris ilində qarşıda duran prioritet hədəflər" mövzusunda konfrans keçirilib.

Ucnoqta.az xəbər verir ki, konfransın ilk günündə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

‎Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Bəhruz Nəbili 2024-2025-ci tədris ilinin yekunları ilə bağlı hesabat təqdimatı ilə çıxış edib. O, hesabat çıxışında ötən tədris ili ərzində əldə olunmuş nailiyyətlərdən, qarşıya çıxan çətinliklərdən həmçinin yeni tədris ilində təhsilin keyfiyyətinin daha da yüksəldilməsindən, rəqəmsal resurslardan istifadənin genişləndirilməsindən, şagird davamiyyətinin daim nəzarətdə saxlanılmasından, şagirdlərdə oxu, riyazi və rəqəmsal savadlılığın inkişafı üçün konkret hədəflərdən, ümumi təhsil məktəblərində rəqəmsal bacarıqlar layihəsinin genişləndirilməsindən danışıb. 

2025-2026-cı tədris ilində qarşıda duran hədəflərə çatmaq istiqamətlərdən birinin də təlim-tərbiyə prosesində valideynlərin iştirakının gücləndirilməsi məsələsi olduğunu diqqətə çatdıran Bəhruz Nəbili valideynlərin məktəb həyatına fəal qoşulmaları, müəllim-şagird-valideyn əməkdaşlığının möhkəmləndirilməsi və təlim-tərbiyə prosesində birgə məsuliyyətin artırılması təhsil keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirib. Valideynlərin övladlarının təhsilində maarifləndirilməsi, məktəb-valideyn əməkdaşlığı mexanizmlərinin təkmilləşdirilməsi və ictimai dəstəyin gücləndirilməsi ilə bağlı geniş müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Bəhruz Nəbili yeni tədris ili region təhsil sistemində keyfiyyətin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və gənc nəslin hərtərəfli inkişafının təmin olunması baxımından mühüm mərhələ olacağını bildirib. Bu istiqamətdə region təhsil işçilərinin qarşısında ümumi təhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması, rəqəmsal təhsilin genişləndirilməsi, müəllimlərin peşəkar inkişafı və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi kimi bir sıra prioritet hədəflər müəyyən edildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıblar. Hədəflər, hədəflərə çatma ilə bağlı görülən və görüləcək işlər, şagird nəticələrinin yüksəldilməsi ilə bağlı çıxışlar ediblər. 

Tədbir çərçivəsində suallar cavablandırılıb, tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, sentyabrın 4-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri ilə qrup şəklində görüşlər keçiriləcək.


Xəbər xətti