Şimal-qərb bölgəsinin təhsil işçiləri üçün Sentyabr Konfranslarına start verilib

15:52 - 3 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Sentyabrın 3-də şimal-qərb bölgəsinin təhsil işçiləri üçün Sentyabr Konfranslarına start verilib.

Ucnoqta.az xəbər verir ki, sentyabrın 3 və 4-də keçiriləcək iki yarımgünlük konfransın ilk günündə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafiz Pənahov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ və Balakən rayonlarının ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər müəssisələrin rəhbərləri iştirak ediblər.

‎Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

‎Görüşdə çıxış edən Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova ötən tədris ilinin yekunları ilə bağlı hesabat təqdim edib, bölgədə təhsilin inkişafı və qarşıda duran vəzifələrdən danışıb. 

‎Daha sonra çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivə uğurlar arzulayıblar.

‎Tədbir çərçivəsində təhsil işçilərinin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

‎Görüş panel müşavirələrlə davam edib, iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb.

‎Qeyd edək ki, sentyabrın 4-də ibtidai təhsil səviyyəsi, Azərbaycan dili və riyaziyyat fənləri üzrə qabaqcıl müəllimlərlə qrup şəklində görüşlər keçiriləcək.

‎Onu da qeyd edək ki, bu cür görüşlərin əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir.


Xəbər xətti