“Humanitar Tədqiqatlar” İctimai Birliyi icra etdiyi “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində ikinci tədbirini Bərdə rayonunda təşkil edib. Tədbirə Bərdə rayonundan olan 21 nəfər qatılıb.
Tədbiri giriş sözü ilə açan “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova bildirib ki, Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının ərazisini əhatə edən layihə 3 ay müddətində davam edəcək:
“Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi müharibədən zərər çəkmiş regionda ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, həll yollarının tapılması, icma üzvü olan gənclərin ekoloji maarifləndirilməsi, qərar qəbuletmə prosesində iştirakının təmin olunması, ekoloji bərpa layihələrində fəal rol almasına dəstək verməklə ətraf mühitin mühafizəsinə nail olmaqdır.
Layihə çərçivəsində region gənclərinin ekoloji bilgisinin artırılması ilə mövcud ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, icma iştirakçılığının gücləndirilməsi və onların ekoloji bərpa layihələrində fəal rol almasının təşviq edilməsi nəzərdə tutulur. İlk tədbirimizi müharibədən ən çox zərər çəkən rayonlarımızdan biri olan Ağdamda təşkil etdik. Bərdə rayonu da müharibə dövründə zərərçəkən rayonlardan biri olub. Təkcə onu demək kifayətdir ki, Ermənistan 30 ilə yaxın Tərtər çayının suyunu bağlayaraq həm ərazinin suvarılmasına, həm də əhaliyə bötük zərər vurdu”.
Daha sonra layihənin eksperti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov müharibə zamanı ekologiyaya və ətraf mühitə dəyən zərərlə bağlı təqdimat edib. Təqdimat zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində cəbhəyanı regionda ekologiyaya vurulan zərər konkret rəqəmlərlə və fotolarla iştirakçıların nəzərinə çatdırılıb. Vurulan zərərin aradan qaldırılması üçün icma iştirakçılığının rolu diqqətə çatdırılıb.
Tədbirin davamında Bərdə rayonunda mövcüd ekoloji problemlər və onların həll yolları müzakirə edilib. Həmçinin tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən məhsulun istifadəsi zamanı yaşıl düşüncənin tətbiqi, plastik tullantıların ətraf mühitə vurduğu zərər, tullantıların çeşidlənməsi, idarə olunması ilə ətraf mühitin mühafizəsi ilə bağlı müzakirə aparılıb.