İctimai Birlik Ağdamda maarifləndirmə tədbiri keçirib - FOTO

11:39 - 2 İyul 2025 - Cəmiyyət

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Ağdam rayonunda maarifləndirmə tədbiri keçirib.

Yeni Azərbaycan Partiyasının Ağdam Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə 21 nəfər Ağdam sakini iştirak edib. Tədbirin məqsədi ilə bağlı iştirakçılara məlumat verən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova bildirib ki, tədbir “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində keçirilir:

“Layihə Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının ərazisini əhatə edir. 4 ay davam edəcək layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Müharibədən ən çox zərər çəkən rayonlarımızdan biri də Ağdam olduğu üçün ilk tədbirimizi Ağdamda keçiririk.

Layihənin məqsədi müharibədən zərər çəkmiş regionda ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, həll yollarının tapılması, icma üzvü olan gənclərin ekoloji maarifləndirilməsi, qərar qəbuletmə prosesində iştirakının təmin olunması, ekoloji bərpa layihələrində fəal rol almasına dəstək verməklə ətraf mühitin mühafizəsinə nail olmaqdır. Layihə çərçivəsində region gənclərinin ekoloji bilgisinin artırılması ilə mövcud ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, icma iştirakçılığının gücləndirilməsi və onların ekoloji bərpa layihələrində fəal rol almasının təşviq edilməsi nəzərdə tutulur”.

Daha sonra layihənin eksperti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov müharibə zamanı ekologiyaya və ətraf mühitə dəyən zərərlə bağlı təqdimat edib. Təqdimat zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində ekologiyaya vurulan zərər konkret rəqəmlərlə və fotolarla iştirakçıların nəzərinə çatdırılıb. Vurulan zərərin aradan qaldırılması üçün icma iştirakçılığının rolu diqqətə çatdırılıb. 

Daha sonra Ağdam rayonunda mövcüd ekoloji problemlər və onların həll yolları müzakirə edilib. Həmçinin tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən məhsulun istifadəsi zamanı yaşıl düşüncənin tətbiqi, plastik tullantıların ətraf mühitə vurduğu zərər, tullantıların çeşidlənməsi, idarə olunması ilə ətraf mühitin mühafizəsi ilə bağlı müzakirə aparılıb. 


Xəbər xətti