DİM deyir: “8 min ekspertimiz var.” Bəli, biz də gördük o “ekspertlərinizi” – 5 günə 1 sual düz yaza bilməyən, amma minlərlə abituriyentin taleyini testin içinə basdıran “ekspertlər”!
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin bildirir ki, bu gün I ixtisas qrupu üzrə riyaziyyatda texniki səhv buraxılıb:
"Uşaq o sualda 5-10 dəqiqə itirib, panikaya düşüb, zamanını planlaya bilməyib.
Sizsə deyirsiniz: “Sual düzgün cavablandırılmış sayılacaq.”
Siz məsələni balla ölçürsünüz, bizsə ədalətlə.
Bəs itirilən inam? Bəs pozulan psixoloji tarazlıq? Bəs 1 sualda ilişib qalan 1 illik zəhmət?
16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır.
Bu artıq təkcə savadsızlıq deyil – bu təhsil cinayətidir!
Cavabdeh kimdir?! Cəzalanan varmı?!
Yoxsa hər dəfə bir “bağışlayın”la məsələ bağlanacaq?!
Bu qədər məsuliyyətsizliklə siz heç kimin gələcəyinə toxunmağa layiq deyilsiniz!".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi bu abrədə açıqlama verib. Bildirilib ki, bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.
Sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.
Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.
Xatırladaq ki, daha əvvəl Dövlər İmtahan Mərkəsinin sədri Məleykə Abbazadə təhsil ekspertlərini tənqid etmişdi. Onları savadsızlıqda ittiham etmişdi.