Azercell-in 1 iyuldan etibarən tətbiq edəcəyi yeni tarif siyasəti sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Şirkətin qiymət artımı ilə bağlı açıqlamasından sonra “X” (əvvəlki Twitter), Facebook və Instagram platformalarında #BoycotAzercell həştəqi ilə kampaniya başlanıb. İstifadəçilər mobil operatorun qərarına etiraz olaraq nömrələrini digər operatorlara keçirməyə çağırırlar.
Ucnoqta.az Bakupost.az-a istinadla xəbər verir ki, yeni qaydalara əsasən, onlayn yükləmə zamanı məbləğə uyğun olaraq nömrənin aktiv qalma müddəti aşağıdakı kimi dəyişəcək:
• 1 – 1.99 manat yüklədikdə – 1 gün
• 2 – 2.99 manat – 2 gün
• 3 – 4.99 manat – 3 gün
• 5 – 9.99 manat – 5 gün
Bu dəyişiklik istifadəçilər tərəfindən “ədalətsiz”, “süni qiymət qalxması” və “müştəriyə hörmətsizlik” kimi qiymətləndirilib. Sosial şəbəkələrdə paylaşılan çoxsaylı statuslarda insanlar mobil operatorların xidmət keyfiyyəti ilə qiymətlər arasında balans olmadığını vurğulayırlar.
Azercell-dən isə bildirilib ki, dəyişiklik tariflərin optimallaşdırılması məqsədi daşıyır və istifadəçilərə daha çevik seçim imkanı təqdim edir.