Telegram messencerinin həmtəsisçisi Pavel Durov bir il əvvəl baş vermiş həbsini Fransa polisinin səhvi adlandırıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Durov bu barədə ingilis dilində Telegram kanalında yazıb.
“İroniya odur ki, mən Fransa polisinin öz səhvi ucbatından həbs olundum: 2024-cü ilin avqust ayına qədər onlar Fransa və Aİ qanunlarına məhəl qoymadılar və tələb olunan hüquqi prosedur vasitəsilə Telegram-a sorğu göndərmədilər”, o yazıb.
Durov vurğulayıb ki, bir il sonra ona qarşı aparılan istintaq Durov və Telegram-ın təqsirini üzə çıxara bilməyib. "Bizim moderasiya təcrübələrimiz sənaye standartlarına uyğundur və Telegram həmişə Fransadan gələn bütün qanuni tələblərə cavab verib" dedi.
Durovun sözlərinə görə, həbsinin yeganə nəticəsi Fransanın azad ölkə imicinə xələl gətirməkdir. O, həmçinin bildirib ki, həbsindən bir il sonra o, hər 14 gündən bir Fransaya qayıtmağa məcbur olur, halbuki apellyasiya günü hələ təyin olunmayıb.