Kaliforniyanın Los-Anceles şəhərində 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib

20:30 - 30 Mart 2018 - Cəmiyyət

Elvina Qurbanova: “Bu tədbirdə iştirak etmək bir azərbaycanlı olaraq mənim üçün qürurverici bir hal idi”

31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Nəinki Azərbaycanda, elə vətəndən kənarda da xalqımızın başına gətirilən faciə ilə bağlı dünyanın dörd bir yanında yaşayan Azərbaycanlılar bunu dünya xalqlarına çatdırmaq üçün əllərindən gələni edirlər. 

Ötən gün Kaliforniya ştatının Los-Anceles şəhərində  31 Mart soyqırımı anılıb. Belə ki, Azərbaycanı dünyada təmsil edən Beynəlxalq festivalların və tədbirin iştirakçısı olan skripka ifaçısı Elvina Qurbanova Los-Ancelesdən “Üç nöqtə”yə  danışdı. Bildirdi ki, Azərbaycanın Baş Konsulluğu tərəfindən 1918-ci ilin 31 Martında xalqımızın başına gətirilən  soyqırımı ilə bağlı Kaliforniyanın Los-Anceles şəhərində tədbir təşkil olunub: “Getdiyimiz hər bir ölkədə vətənimizi təbli etməyə çalışırıq. Bir ifaçı kimi hər zaman iştirak etdiyimi festivallarda və beynəlxalq arenalarda xalqımı təbliğ etməyə çalışmışam. Sabah 31 Mart soyqırımı günüdür. Bu münasibətlə vətəndən kənarda olsam da burdan xalqıma başsağlığı verirəm. O ki, qaldı bizim iştirakçısı olduğumuz tədbirə, Los-Ancelesdə soyqırımla bağlı tədbir çox yüksək səviyyədə keçirildi. Qeyd edim ki, tədbirə bir çox qurumlar dəvət olunmuşdu. Eləcə də Yəhudi, Suriya və Hindistanın din xadimləri çıxış etdi və şəhidlərimizin ruhuna dualar oxudular”.

 Elvina Qurbanova bildirdi ki, bütün bunlarla yanaşı tədbirdə musiqiyə də yer ayrılmışdı: “Mən dünya musiqisindən Masnenin “Tais” operasından "Düşüncə" və Arif Məlikovun "İki qəlbin dastanı" baletindən "Kamdenin arzuları"nı skripkada ifa etdim. Şəhidlərimizin ruhları şad, yerləri cənnət olsun. Bu tədbirdə iştirak etmək bir azərbaycanlı olaraq mənim üçün qürurverici bir hal idi. Çünki Azərbaycanı təmsil etmək, soyqırımı dünyada tanıtmaq hər bir Azərbaycan övladının borcudur”.

E. Qurbanova tədbirin təşkilatçısına da öz təşəkkürünü bildirdi: “Nəsimi Ağayevə xüsusi təşəkkür edirəm ki, 1918-ci il mart ayının 31-də millətimizə qarşı baş vermiş o dəhşətli hadisəni - soyqırımı ABŞ-ın Kaliforniya ştatında bütün dünya ölkələrinə çatdırmaq məqsədilə tədbiri təşkil etdi. Yaşasın Azərbaycan!”.

Könül Əhmədova


Xəbər xətti