Komitədən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
S. Karakoyunlu bildirib ki, I Dünya Müharibəsi nəticəsində yaranmış böhrandan və 1917-ci ildə Çar Rusiyasında baş verən fevral və oktyabr inqilablarının yaratdığı fürsətdən istifadə edən erməni hərbi birləşmələri azərbaycanlılara və Anadolu türklərinə qarşı soyqırımı törədiblər. Qətliamın pik nöqtəsinə çatdığı 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda 30 min günahsız insanın amansızca qətlə yetirildiyini, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, bu günkü Ermənistan ərazində olan tarixi Azərbaycan torpaqları - Zəngəzur qəzası və İrəvan vilayətlərində isə təxminən 120 min insanın öldürüldüyü bir daha diqqətə çatdırılıb. Azərbaycanla yanaşı, Türkiyənin Iğdır, Qars, Ağrı, Ardahan, Erzurum, Erzincan, Muş, Van və bir çox yaşayış məntəqlərində soyqırımların həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanda mart ayında davam edən qırğın və soyqırımlar Nuri Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Qafqaz İslam Ordusunun 1100 əsgəri və 30 zabitinin şəhid olduğu, bu əsgərlərin xatirəsinə bu gün Azərbaycanın müxtəlif yerlərində xatirə abidələri ucaldıldığı vurğulanıb.
Tədbirdə çıxış edən Tənzilə Rüstəmxanlı gələcəkdə bu kimi dəhşətlərin təkrar baş verməməsi, gələcək nəsillərin unutmamsı baxımından belə tədbirlərin əhəmiyyətini qeyd edib. T.Rüstəmxanlı 31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlərdən danışaraq dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, ermənilərin, bütövlükdə, türk dünyasına qarşı törətdiyi soyqırımı və qətliamların beynəlxalq ictimayyətin diqqətinə çatdırılması ilə bağlı çağırış edib.
Daha sonra, AAK sədri S.Qasımov da 1918-ci il mart soyqırımının tarixinə toxunarkən bildirib ki, martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib.