Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.
Modern.az-ın əməkdaşının da izlədiyi məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edir.
Hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yol qəzası baş verib. Qəza zamanı “Mersedes-Gelandawagen” markalı avtomobilin idarəetməni itirməsi iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
“Mercedes-Gelandawagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində həbs-qətimkan tədbiri seçilib.