Masazırda yeni çəkilən yolun çökməsinin səbəbi AÇIQLANDI

16:06 - 1 Aprel 2026 - Cəmiyyət

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb. Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Bildirilib ki, aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

"Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib. Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır", - deyə məlumatda vurğulanıb.

Xəbər xətti