Həbsdə olan MTN generallarının məhkəməsi davam etdirilib

15:09 - 2 Noyabr 2017 - Xəbər

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
S. Qurbanovun vəkili İlkin Mustafanın  APA-ya verdiyi xəbərə görə, proses qapalı şəkildə keçirilib. İclasda iki şahid, bir zərərçəkmiş şəxs dindirilib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri əlavə şahidlərin dindirilməsi və bəzi məsələlərlə bağlı vəsatət veriblər.
Vəsatətlərə növbəti iclasda münasibət bildiriləcək.

Proses noyabrın 16-da davam etdiriləcək.
 
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə) və digər maddələri ilə ittihamlar irəli sürülüb.

Xəbər xətti