Emin Əmrullayev Gəncədə "Son zəng" tədbirində

10:35 - 13 İyun 2026 - Xəbər

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Gəncədə Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, müəllim və şagirdlər də iştirak ediblər.

“Son zəng” tədbirləri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Emin Əmrullayev bu il ölkə üzrə 116 min şagirdin məzun olduğunu bildirib, onların arasında işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin məzunlarının da yer aldığını vurğulayıb.

Nazir məzunlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.

Çıxışlardan sonra tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, 2025–2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX siniflərini 8 341, XI siniflərini isə 6 583 nəfər olmaqla, ümumilikdə 14 924 şagird başa vurur.

Xəbər xətti