ABŞ prezidenti Donald Tramp əmindir ki, Vaşinqtonu Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxarmaq qərarını ABŞ Konqresinin iştirakı olmadan verə bilər.
Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Yəqin ki, bildiyiniz kimi, Konqresinin bu qərarı verməsinə ehtiyacım yoxdur. Mən bu qərarı özüm verə bilərəm", - Ağ Ev rəhbəri deyib.
Amerika lideri, Avropa müttəfiqlərinin Vaşinqtonun Hörmüz boğazında təklif etdiyi potensial hərbi əməliyyatda iştirak etməkdən imtina etməsi və ABŞ-ın blokdan çıxa biləcəyi məsələsini aydınlaşdırmaq istəyinə münasibət bildirib.
Eyni zamanda, ABŞ prezidenti faktiki olaraq hazırda NATO-dan çıxmağı düşünmədiyini bildirib.
"Amma bundan məmnun olduğumu deyə bilmərəm", - deyə o vurğulayıb.
"Biz NATO-ya trilyonlarla dollar xərcləmişik. İllər ərzində çoxlu trilyonlarla. Bir düşünün. Bu, büdcə kəsirlərimizin səbəblərindən biridir", - deyə Tramp qeyd etdi.
"Və biz digər ölkələrə kömək edirik. Və onlar bizə kömək etmədikdə, əlbəttə ki, bu barədə düşünməliyik", - deyə ABŞ prezidenti əlavə etdi.