Son zamanlar izolyasiya sahəsində ən çox rast gəlinən problemlərdən biri budur: yüksək büdcə ilə tikilmiş evlərdə belə su sızması və rütubət yaranır. Bəs səbəb nədir?
Mövzunu şərh edən izolyasiya məsələləri üzrə ekspert Rauf Əhmədov maraqlı açıqlamalar verib.
– Rauf bəy, təcrübənizdə belə hal olubmu ki, bahalı və yeni tikilmiş evdə ciddi su problemləri ilə qarşılaşasınız?
- Bəli, çox olub. Məsələn, yaxın keçmişdə təmtəraqlı bir evə baxışa getmişdim. Ev dizayn baxımından çox gözəl idi. Xüsusilə teras hissəsinə ciddi vəsait xərclənmişdi. Amma ilk güclü yağışdan sonra divarlarda nəmlik yaranmış, bəzi hissələrdə isə su sızması başlamışdı.
– Bəs, həmin evdə konkret hansı səhvdən problem olub? Problem ilk dəfə necə üzə çıxıb?
- Ev sahibi bildirdi ki, yağışdan sonra daxili divarlarda rütubət izi görünməyə başlayıb. Əvvəlcə kondensasiya olduğunu düşünüblər, amma baxış zamanı məlum oldu ki, problem birbaşa teras izolyasiyasından qaynaqlanır.
– Maraqlıdır, belə bir arzuolunmaz mənzərə fonunda mənzil sahibini əsas hansı sual maraqlandırırdı?
- O deyirdi ki, “Mən terasa böyük məbləğ xərcləmişəm, ən yaxşı materiallardan istifadə etmişəm. Necə olur ki, bunun qarşılığında belə problem yaranır?”. Təbii ki, onun üçün əsas məsələ xərclənən pul idi.
– Siz baxış keçirən zaman ilk olaraq nəyə diqqət etdiniz? Problemin səbəbini necə müəyyən etdiniz?
- İlk olaraq keçid nöqtələrinə, parapet birləşmələrinə və künclərə baxdım. Çünki su adətən ən zəif nöqtədən daxil olur. Məlum oldu ki, istifadə olunan material keyfiyyətli olsa da, açıq teras üçün uyğun seçim deyildi və tətbiq texnologiyası düzgün qurulmamışdı.
– Belə hallarda adətən əsas səhv harada olur-material seçimində, yoxsa tətbiq mərhələsində?
- Əksər hallarda hər ikisində. İnsanlar düşünür ki, bahalı material seçmək kifayətdir. Amma materialın sahəyə uyğunluğu və düzgün tətbiqi ən az materialın özü qədər vacibdir.
– “Çox pul xərcləmişəm” deyən ev sahiblərinə belə mənzərə yaranmaması üçün nələri izah edirsiniz?
- İzolyasiya məbləğlə ölçülmür. İzolyasiya düzgün seçim və düzgün tətbiqlə ölçülür. Əgər sistem doğru qurulmayıbsa, nə qədər pul xərclənsə də nəticə dəyişmir.
– Bəs açıq teras kimi sahələrdə ən çox edilən səhv nədir?
- Açıq beton üzərində günəşə və suya davamlı qat tələb olunur. Bəzən isə beton altı üçün nəzərdə tutulmuş material açıq sahədə tətbiq edilir. Bu isə zamanla problem yaradır.
– İnsanlar adətən əsas hansı detalları nəzərə almır?
- Yuxarıda da qeyd etdiyim kimi keçid nöqtələri, künclər və birləşmələr ən kritik hissələrdir. Bu detallar peşəkar şəkildə işlənməzsə, problem qaçılmazdır.
– Bu cür problemlər vaxtında həll olunmasa, gələcəkdə nə ilə nəticələnə bilər?
- Rütubət təkcə estetik məsələ deyil. Zamanla konstruksiyaya zərər verir, daxili örtükləri sıradan çıxarır və əlavə xərclərə səbəb olur.
– Belə vəziyyətə düşməmək üçün ev tikən və ya təmir edən şəxslər nəyə diqqət etməlidir?
- Ən vacibi budur: hər sahə üçün uyğun material seçilməli və tətbiq texnologiyası düzgün qurulmalıdır. İşə başlamazdan əvvəl mütləq peşəkar rəy alınmalıdır.